Ukraynada Azərbaycan diasporuna təzyiqlər başlayıb – MÜSAHİBƏ

Xəzri Elxanoğlu: “İstəyirəm ki, sabah Vətənə dönəndə burada əsl lobbimiz qalsın”

Dünən Ukraynada fəaliyyət göstərən Azərbaycan Slavyan Gənclər Assosiasiyasinin Ukrayna Nümayəndəliyinin sədri  Xəzri Elxanoğludan rəhbərlik etdiyi quruma qarşı ciddi təxribatlar törədildiyini eşitdim. Məlum olub ki, onların Azərbaycanla bağlı universitetlərin birində təşkil etmək istədikləri tədbir kimlərsə tərəfindən əngəllənib. Bunun ermənilər tərəfindən edildiyini düşünüblər, çünki mənfur düşmənlərimiz daha əvvəllər də bu kimi addımlar atmışdılar. Ancaq sonradan məlum olur ki, bu işdə “sapı özümüzdən olan baltalar” – azərbaycanlı tələbələrimizdən bəziləri də rol alıblar. Bütün bunlar maraqlı olar deyə, hərəkatın sədri Xəzri Elxanoğlu ilə internet üzərindən söhbətləşdik. Nə baş verdiyi haqqında xəbər tutmaq istəyirsinizsə, oxumağı oxucuların ixtiyarına veririk.
– Ermənilərdir, yoxsa bizimkilər, bilmirik. Amma universitetdən aldığımız məlumata görə, azərbaycanlı tələbələr olub. Daha doğrusu, təxribatçının azərbaycanlı tələbə olub-olmadığını da demədilər. Siz keçən ildən bəri Ukrayna diasporu ilə bağlı informasiyalara baxsanız, bizə qarşı nə qədər təxribat olduğunu bilərsiniz. Onda görəcəksiniz ki, “Yeni Nəfəs” Hərəkatını Ukraynada formalaşdıranda bizi sıxışdırırlar.
– Çoxdan var bu cür təxribatlar?
– Hər tədbirdən sonra rəsmi və ya qeyri-rəsmi təzyiq elədilər, yaxud da elətdirdilər. Bir şeyi də qeyd edim ki, erməni diasporunun Ukraynadakı tanınmış lideri, professor İrina Qayuk və Manoyan adlı erməni professorun kitab təqdimatını yarımçıq dayandırmışdıq. Tədbir təhsil aldığım Beynəlxalq Əlaqələr İnstitutunda keçirildiyi üçün biz də dəvətli idik. Mən söz alıb, çıxış edən kimi, ukraynalı tələbələrlə müəllimlər, demək olar ki, zalı boşaltdılar. Orada institutun direktoru və politologiya kafedrasının rəhbəri də iştirak edirdi. Erməni diasporunun Ovanes adli lideri və 5-6 üzvü də oradaydı. Ondan sonra bir-iki dəfə kiçik problem yaşamışıq, amma bu, istisna haldır.
– Niyə vaxtında qarşısını almadınız?
– Biz onlara qarşı getmədik və öz işimizlə məşğul olduq. Bəlkə yadınızda olar. Xeyli əvvəl xəbər yayılmışdı ki, erməni biznesmen, guya, Azərbaycan diaspor təşkilatına yardım edib, azərbaycanlı iş adamı ermənilərlə əlaqə qurub və sair. Bunlar olub-olmayıb, öz işləridir, biz heç kimin, bilmədiyi mübarizəyə girdik. Bizim mədəniyyət tədbirlərimiz haqqında hamı bilirdi, sadəcə, kimsə qorxub ofisinin qapılarını bağlayanda, ermənilərin tədbirlərinə girdik və onları ifsa elədik. Qondarma “Dağlıq Qarabag Respublikası”nın “bayraq”ını yandırdıq, eləcə də PKK-nın bayrağını yığışdırdıq. Bunlardan sonra bizə elə özümüzünkülər sərt reaksiya verdilər. Bu, nə məsələdir, bilmədik və bu gün də anlamağa çalışırıq. Bu gün dostlarımızın işlədikləri yerlərə vurulan gizli zənglərin arxasında düşünülmüş və ya savadsız təxribat dayanır.
– Sizin şübhələndiyiniz konkret mənbə varmı?
– Təbii ki, erməni təxribatı da ola bilər… Bu il Müstəqillik Günü ərəfəsində yalnız bizim aktivliyimiz hiss olundu. Tələbə yoldaşlarımız üç universitetdə tədbirlər planlaşdırmışdı. Ukraynada 10-15 təşkilat və ya diaspor təşkilatı var. Maddi anlamda hərənin ağzında bir avaz var. Mən bu zamana kimi hamıya hörmət etmişəm, amma nəsə yaratmaq istədin, olursan rəqib. Hər kəsə dost demişik, bu günə kimi heç kimdən maddi istəyimiz olmayıb, öz işimizlə məşğul olmuşuq. Əksinə, maddi cəhətdən də, təşkilatçılıq baxımından da hər kəsə köməyimiz dəyib.
– Bəlkə kimsə rəhbərliyi ələ almaq istəyir…
– Həmişə demişəm ki, birlik naminə mən 5-ci, 10-cu olmağa hazıram. Qoy sədr, rəhbər, başqaları olsun, amma birlik quraq, güclü diaspor və ya lobbi yaradaq. Deyiblər ki, əla, super. Amma girişirəm işə, iki müsbət dəyişiklik oldumu, hamı özünü atır ortaya. Yəni hamı üzdə deyil, arxada iş görür. İnşallah, çalışırıq ki, siz əsl diaspor jurnalistləri gəlsin, hər şeyin canlı şahidi olsunlar və bizim simamızı tanısınlar. Ətrafımdakı gənclər də, mən də ictimai fəaliyyətlə məşğul olan insanlarıq. Hər şeyi də dövlət naminə edirik. Bizim ticarət mərkəzimiz, restoranlarımız-filan yoxdur ki, jurnalistləri gətirib reklam edək. Amma mən istəyirəm ki, sabah Vətənə dönəndə burada əsl lobbimiz qalsın. İstəyirik ki, hər səfir dəyişəndə, hər güclü, pullu iş adamı gələndə, diasporumuz dəyişməsin.
– Hüquq-mühafizə orqanlarına şikayət etmisiniz təzyiqlərlə bağlı? Deyirsiniz ki, orada sizə badalaq atanlar arasında öz azərilərimiz də var. Məncə, bu barədə səfirliyə mütləq məlumat verməlisiniz…
– (Gülür) Əvvəlcə onu deyim ki, burda daxili işlər naziri erməni lobbisinin əsas liderlərindən sayılan Arsen Avakovdur. Yayda Dnepropetrovskda qondarma erməni soyqırımı tanındı. Nə qədər etiraz edildisə də, azərbaycanlıların səsini eşitmək belə istəmədilər. Ukraynada ikinci inqilabdan sonra nə dəyişdi? Heç nə. İqtisadi-siyasi durum daha da ağırlaşdı və qarışdı. Fikir verin: Saakaşvili Odessa meri olduğu zaman islahatlara start vermişdi. Amma bunun nəticəsində iki gün öncəki mer seçkilərində, deyilənə görə, qalib gələ bilmədi. O ki qaldı səfirliyə müraciət etməyimizə, hələlik, Ukraynaya yeni səfir təyin olunmayıb. İnşallah, inanıram ki, cənab Prezidentimiz tərəfindən Ukraynaya layiqli və ağıllı səfir təyin ediləcək və o, hamının dostu olacaq.

Hafta.az

Leave a Comment